Şəkidə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün inklüziv mədəni tədbirlər təşkil olunub
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialının təşəbbüsü, Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə Şəkidə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün inklüziv mədəni tədbirlər təşkil olunub.
İsmayıllı “DOST Evi” filialının benefisiarları və əməkdaşları əvvəlcə “Memarlıq və Şəhərsalma İli” ilə əlaqədar həyata keçirilən “Abidələrimizi tanıyaq” layihəsi çərçivəsində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində “İnklüziv irs günü” adlı maarifləndirici turda iştirak ediblər.
Tur çərçivəsində iştirakçılar Qoruğun ərazisində yerləşən və zəngin tarixə malik memarlıq abidələri ilə yaxından tanış olub, onların tarixi və memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat əldə ediblər. Bələdçi müşayiəti ilə keçirilən ekskursiya zamanı qonaqlara Şəkinin qədim mədəni irsi, şəhərin tarixi inkişaf mərhələləri və qoruq ərazisində qorunub saxlanılan abidələrin əhəmiyyəti barədə məlumat verilib.
Eyni zamanda, tur iştirakçıları qoruq ərazisində fəaliyyət göstərən yerli sənətkarların emalatxanalarına da baş çəkiblər. Uşaq və yeniyetmələr burada ənənəvi sənət nümunələri ilə tanış olub, əl işlərinin hazırlanması prosesini izləyiblər.
Günün ikinci yarısında həssas qruplardan olan uşaq və yeniyetmələr Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş “Şəkidə İnklüziv Bahar” adlı inklüziv mədəni tədbirdə iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi və eksponatlarla tanış olublar.
Daha sonra mərkəzin təlimçiləri və benefisiarlarının hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş olunan rəsm və tətbiqi sənət nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin bədii hissəsində Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın və şagirdlərin ifasında musiqi nömrələri təqdim olunub. Eyni zamanda benefisiarların ifasında şeirlər səsləndirilib və müxtəlif musiqi nümunələri təqdim edilib. Novruzun əsas personajları olan Kosa və Keçəlin maraqlı deyişməsi tədbirə xüsusi rəng qatıb.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.







