Şəkidə “Heydər Əliyev ideyaları regional inkişafın əsas istinadgahıdır” mövzusunda konfrans keçirilib
İyun ayının 1-də Şəki Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik və Milli Qurtuluş gününün 30 illik yubileylərinə həsr olunan “Heydər Əliyev ideyaları regional inkişafın əsas istinadgahıdır” mövzusunda konfrans keçirilib.
Tədbirdə Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhər icra hakimiyyətinin məsul şəxsləri, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, şəhid ailələrinin nümayəndələri, müharibə veteranları iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Şəki Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət etmiş, abidə önünə əklillər və gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Azərbaycanın inkişaf, quruculuq və zəfər salnaməsi: Heydər Əliyevdən İlham Əliyevə”, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov “Heydər Əliyev Şəkinin yüksəlişinın və quruculuğunun banisidir”, Şəki Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru İradə Abdullazadə “Heydər Əliyev irsi Şəkidə layiqincə yaşadılır”, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan mayor Mehman Əbdürəyimov “Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün strategiya Azərbaycanı Zəfərə apardı”, şəhid anası, “Vətən Naminə” İctimai birliyinin Şəki bölməsinin sədri Gülnarə Mustafayevaya “Zəfər fədailəri və onların ailələri tək deyil”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbəsi Aysun Kərimli “Heydər Əliyev ideyaları şəkili gənclərin istinad mənbəyidir” mövzularında çıxış ediblər.