Şəkidə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Şəkidə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov qeyd edib ki, müstəqil Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır. O bildirib ki, “Heydər Əliyev İli” ilə əlaqədar partiyamız tərəfindən keçirilən tədbirlərdə deviz kimi istifadə olunan Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamı müdrik dövlət xadiminin dövlətçilik irsinin və ideyalarının əbədiyaşar olduğunu təsdiqləyir.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, həm sovetlər birliyi dönəmində, həm də müstəqilliyin bərpasından sonra Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini təmin edib. Ümummilli Liderimizin layiqli davamçısı olan cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra keyfiyyətcə yeni mərhələ başlanıb, yeni tarixi nailiyyətlərə imza atılıb, xalq-iqtidar birliyi daha da möhkəmlənib, Azərbaycan qalib ölkəyə çevrilib.
Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov vurğulayıb ki, Heydər Əliyevin mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir.
Milli Məclisin deputatı Cavanşir Feyziyev qeyd edib ki, Azərbaycanın və böyük Türk dünyasının dahi oğlu Heydər Əliyev tarixi şəxsiyyətlər sırasında öz layiqli yerini tutub. Bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir.
Partiya fəalı İlhamə Kərimova, Vətən müharibəsi iştirakçısı Rahim Camalov, gənc fəal Səadət Qafarova öz çıxışlarında vurğulayıblar ki, ulu öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə partiyaya üzvlük vəsiqələri təqdim olunub.