Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

02 fevral 2023 | 17:25

Fevralın 2-də Şəki Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şəki Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda  toplantı keçirilib.

Şəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, gənc partiya fəalları, hərbiçilər, tələbələr iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov çıxış edərək bildirib ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra gənclərlə iş sahəsində böyük uğurlar əldə olunub. Dövlətin gənclər siyasəti bu gün Ümummilli liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsindədir. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensialının aşkar edilməsi  üçün münbit şərait yaradılıb. İcra başçısı bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gəncliyin formalaşdığını vurğulayıb, gəncləri 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edib.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək bildirib ki, Azərbaycanın ağır dövründə, ölkəni antimilli ünsürlər idarə edən bir vaxtda tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası yarandığı gündən gəncləri öz ətrafına toplamış, Ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı gənclərin qarşısında duran problemlərə və onların həlli yollarına münasibəti kökündən dəyişməyə imkan yaratmış, gənc nəslə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. D.Mikayılov gənclərin inkişafında YAP-nın, o cümlədən, Gənclər Birliyinin böyük rolu olduğunu, gənclərin avanqard qüvvəsi olan YAP Gənclər Birliyinin fəaliyyətinin dövlətçiliyimizin qorunmasına və inkişafına xidmət etdiyini bildirib, Gənclər günü münasibətilə bütün gəncləri təbrik edib.

Gənclər və İdman idarəsinin rəisi Ariz Əhmədov çıxış edərək Ulu Öndərin əvəzsiz tarixi xidmətləri çərçivəsində Azərbaycan gəncliyinə verdiyi böyük töhfədən bəhs edib. Bildirib ki, bu gün Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini layiqincə davam etdirir. Dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biri məhz gənclərə göstərilən xüsusi diqqət və qayğıdır. A.Əhmədov 2022-ci ildə idarənin gənclər sahəsində həyata keçirdiyi tədbirlərdən,  əldə olunmuş nailiyyətlərdən danışıb, bütün gəncləri əlamətdar gün münasibətilə təbrik edib.

Sonra tədbir iştirakçıları Azərbaycan Dövlət Televiziyasının istehsal etdiyi “Xalqın adamı” sənədli filminə tamaşa ediblər.

Sonda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə, müxtəlif sahələrdə xüsusi fəallığına, göstərdikləri xidmətlərə və əldə etdikləri uğurlara görə təltif olanmuş bir qrup gəncə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib.

Keçidlər