Şəkidə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib
Martın 28-də “Heydər Əliyev İli” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə şəhər rəhbərliyi, elm adamları, ziyalılar və ictimaiyyətin aparıcı nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda məruzə ilə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirb ki, Azərbaycançılıq ideologiyasının yaranması və müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət məhz bu ideologiyaya əsaslanan milli dövlət yaratmış, xalqda dövlətçilik hissini formalaşdırmışdır. Vurğulanıb ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi.
İcra başçısı diqqətə çatdırıb ki, müasir dövrdə azərbaycançılıq ideologiyası öz təsir dairəsini genişləndirmiş, ölkəmizin sosial, siyasi, iqtisadi və mədəni cəhətdən daha da inkişaf etməsinə zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyev diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır.
Konfransda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zərinə Cavadova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev, Şəki Dövlət Regional Kollecinin sosial məsələlər, ictimaiyyətlə əlaqələr və tərbiyə işləri üzrə direktor müavini Rafiq Səmədov çıxış edərək Azərbaycançılıq ideologiyasının yaranmasından, Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi ruhda tərbiyə edilməsi və ümumilikdə azərbaycançılıq məfkurəsinin möhkəm, etibarlı bazasının formalaşdırılması sahəsində Ulu Öndərin xidmətlərindən bəhs ediblər.
Konfransın sonunda “Heydər Əliyev və Azərbaycançılıq” adlı film nümayiş olunub.