Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda toplantı keçirilib

18 aprel 2023 | 09:13

Aprelin 17-də  Şəki Şəhər İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”  mövzusunda toplantı keçirilib.

Tədbirdə  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Əli Məsmli, şəhər icra hakimiyyətinin məsul şəxsləri, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.  Bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanmışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Sonra  Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zərinə Cavadova mövzu ilə bağlı geniş məruzə edib. Qeyd olunub ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ili milli intibah dövrü kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələ ilə (1969-1982-ci və 1993-2003-cü illər) xarakterizə olunsa da, əslində hər iki mərhələdə həyatımızın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı. Vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Milli Məclisin deputatı Əli Məsmli çıxış edərək Ulu Öndərin adının xalqımızın tarixinə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edildiyini bildirib. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin ötən illər ərzində ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatının bütün sahə və istiqamətləri üzrə dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Məhz bu illərdə Ümummilli Liderimiz xalqımızı tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır. 

Tədbirin sonunda Ulu Öndərin xatirəsinə həsr olunmuş sənədli film nümayiş olunub.

Keçidlər