Şəkidə “İdman festivalı-2022”nin rəsmi açılış mərasimi olub
Şəki Olimpiya İdman Kompleksində noyabrın 14-də startı verilən “İdman festivalı-2022” uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 17-də Şəki şəhərinin mərkəzində bayramsayağı bəzədilmiş meydanda “İdman festivalı-2022”nin rəsmi açılış mərasimi olub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, idmançılar, məşqçilər, ətraf şəhər və rayonlardan gələn qonaqlar, idmansevərlər, şəhər sakinləri iştirak ediblər.
Mərasimin əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, Azərbaycanda idmanın kütləviliyinin təmin olunması üçün məqsədyönlü və kompleks xarakterli tədbirlərin həyata keçirildiyini, ölkəmizdə Olimpiya Hərəkatı və idmanın uğurla və sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, festivallar şəhəri kimi tanınan Şəki növbəti kütləvi tədbirə - idman festivalına ev sahibliyi edir. Şəki şəhərində ilk dəfə keçirilən idman festivalı ayrı-ayrı idman növlərinin təbliği, uşaq və yeniyetmələrdə idmana maraq oyatmaq, onların asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir.
Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs edib. Vurğulanıb ki, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğını idmançılar hər zaman hiss edirlər. Bu qayğı idmançılar və onların məşqçiləri, idman sahəsində çalışanlar üçün yaradılan şəraitdən, ölkəmizdə keçirilən irimiqyaslı yarışlardan, idmançılarımızın beynəlxalq arenada təmsil olunmasından və bir çox amillərdən hiss olunur. İdmanın kütləviliyinin təmin edilməsi, idmançıların peşəkarlıq səviyyəsinin artırılması üçün Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif tədbirlər keçirilir. Belə layihələrdən biri də Şəkidə keçirilən yeniyetmələr arasında ilk İdman festivalıdır.
Fərid Qayıbov diqqətə çatdırıb ki, festival bir həftə davam edəcək. İlk üç gündə Şəki Olimpiya İdman Kompleksində 20-dən artıq Olimpiya idman növündə 150-dən çox idmançı və məşqçilər üçün ustad dərsləri keçirilir. Növbəti üç gündə isə şəhər sakinlərinin, idmansevərlərin qarşısında bu idman növləri nümayiş etdiriləcək.
Çıxışlardan sonra idmansevərlər, şəhərin sakinləri festivalda iştirak edən idmançıların nümunəvi çıxışlarını izləyiblər.
Qeyd edək ki, noyabrın 19-dək davam edəcək festivalda 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi iştirak edir. Festivalın proqramına uyğun olaraq, noyabrın 14, 15 və 16-da idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub, müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi şəxslərlə görüşlər keçirilib. Eləcə də Şəki şəhərinin görməli yerlərinə, tarixi məkanlara ekskursiyalar təşkil edilib.
Noyabrın 19-dək idmançılar şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcək, bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılacaqlar.