Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib

27 may 2024 | 10:21

Dövlət İmtahan Mərkəzi mayın 26-da Şəki şəhərində II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 11 mərkəz ayrılıb. İmtahanlar Şəki şəhərindəki 5, 7, 8, 9, 10, 11, 12, 14, 17 nömrəli və Qoxmuq kənd tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

Ümumilikdə, 2331 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 30 imtahan rəhbəri və 233 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 192 zal ayrılıb. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

AZƏRTAC-ın bölgə müxbiri Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən qəbul imtahanında iştirak edib. Məktəbdəki bütün imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İmtahan rəhbəri Elçin Məmmədovun bildirdiyinə görə, 244 abituriyentin iştirak etdiyi imtahanın idarə olunmasına 3 rəhbər və 23 nəzarətçi cəlb olunub.

Regional bölmədən verilən məlumata görə, bütün imtahan mərkəzlərində II və III ixtisas qrupları üzrə qəbul imtahanı mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

Keçidlər