Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə indiyədək 7,4 min hektardan çox sahədə payızlıq səpin aparılıb

20 oktyabr 2022 | 16:15

Şəki rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 4718 hektarı dən üçün arpa, 2744 hektarı buğda olmaqla 7462 hektar sahəyə toxum səpiblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.

Bildirilib ki, rayonda növbəti ilin məhsulu üçün 65,3 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 34,2 min hektarına buğda, 31,1 min hektarına isə arpa səpiləcək. Bu məqsədlə indiyədək təsərrüfatlarda 56,8 min hektar sahədə şum qaldırılıb və bu iş davam etdirilir.

Səpin üçün 13,1 min ton arpa və buğda toxumu tələb olunur. Toxumçuluq təsərrüfatları tərəfindən indiyədək 7330 ton sertifikatlaşmış toxum hazırlanıb və hazırda fermerlərə satışı həyata keçirilir. Eyni zamanda, Dövlət Toxum Fondu tərəfindən fermerlərə əsasən Rusiyadan gətirilmiş toxum sortlarının səyyar satışı da təşkil olunub.

Ümumilikdə səpin kampaniyasına 285 ədəd şum traktoru, 126 ədəd toxumsəpən aqreqat və digər becərmə texnikaları cəlb edilib.

Keçidlər