Şəkidə “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalına həsr olunmuş idman yarışları keçirilib
Şəki Olimpiya İdman Kompleksində Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalına həsr olunmuş müəssisə və təşkilat komandaları arasında voleybol yarışı və 14-15 yaş qrupunda karate idman növü üzrə açıq şəhər birinciliyi keçirilib. İdman yarışları Şəki Şəhər İcra Hakimiyyətinin və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq, Şəkidə sayca 12-ci dəfə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının başlanması münasibətilə idmançıları təbrik edib, yarış iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra idman yarışlarına start verilib.
Yarışlarda qalib gələn komandalar və idmançılar şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.