Şəkidə iqlim dəyişikliyi ilə bağlı elmi-praktiki konfrans keçirilib
Şəki şəhərində avqustun 27-də "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda Azərbaycanın Baş prokuroru Kamran Əliyev, Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) Baş katibi Roel Dona, müxtəlif dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Baş prokuror Kamran Əliyev Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada ekoloji problemlərin həlli, ekoloji mühitin sağlamlaşdırılması istiqamətində görülən titanik fəaliyyətdən bəhs edib.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və güclü siyasi iradəsi sayəsində ölkəmizin beynəlxalq miqyasda qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə öndə yer aldığını qeyd edən Baş prokuror Prezident İlham Əliyevin yaxından iştirakı və dəstəyi ilə ekosistemin, eləcə də nadir flora və fauna növlərinin yaşaması və inkişaf etməsi üçün həyata keçirilən layihələrdən danışıb.
Elmi-praktiki konfransda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mötəbər tədbirin Şəki şəhərində təşkilindən məmnunluğunu ifadə edib, ölkənin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verdiyini, aparılan kompleks tədbirlərin Şəki şəhəri ərazisində də davam etdirildiyini qeyd edib.
Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) Baş katibi Roel Dona Azərbaycan Prokurorluğunun ekoloji hüquqpozmalara qarşı mübarizə təcrübəsinin beynəlxalq və regional təşkilatlar, həmçinin digər ölkələrin prokurorluq qurumları tərəfindən təqdir olunduğunu qeyd edərək qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizənin əhəmiyyətindən bəhs edib.
Konfransda Baş prokurorun müavini Heydər Məmmədov, Elm və təhsil nazirinin müavini İdris İsayev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev və idarənin böyük prokuroru Şəbnəm Məmmədova tərəfindən çıxışlar edilib, mövzu ətrafında səmərəli müzakirələr aparılıb.
Daha sonra, konfrans iştirakçıları tərəfindən “Azərbaycan Respublikasında ekoloji siyasətə dair” və “Azərbaycan Respublikasında ekoloji hüquqpozmalara qarşı mübarizə” mövzularında vidoçarxlar izlənilib, media nümayəndələrinin sualları cavablandırılıb.