Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “KOB Fest” sərgi-satış yarmarkası keçirilir

18 iyul 2024 | 18:31

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərində “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub.

Yarmarkada 70-dən çox KOB subyektinin məhsul və xidmətləri sərgilənir. Yarmarka bölgəyə xas məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi, yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından əhəmiyyətlidir.

Şəhərin mərkəzində, Bəxtiyar Vahabzadə adına parkın qarşısında keçirilən və üç gün davam edəcək “KOB Fest”də Qax, Balakən, Şəki və Qəbələdən olan 70-dən çox mikro və kiçik sahibkarın məhsul və xidmətləri nümayiş olunur. Yarmarkada ipək kəlağayı və xalçalar, lavanda, bal və arıçılıq məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş məhsullar, keramika, suvenir və bijuteriyalar, sərinləşdirici içkilər, müxtəlif əl işləri, rəssamlıq nümunələri, dəri üzərində tikmə, taxta üzərində oyma və sair məhsullar sərgilənir və satışı həyata keçirilir.

Yarmarkanın açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Milli Məclisin VI çağırış deputatı Vüqar İskəndərov tədbirin bölgəyə xas olan məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi, yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından faydalı olduğunu qeyd ediblər.

Sərgi-satış yarmarkası iyulun 20-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, “KOB Fest” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilir. Ölkənin müxtəlif şəhər və rayonlarında təşkil olunan sərgilərdə məhsul və xidmətlərini təqdim etmək və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri üçün lazımi şərait yaradılır, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır.

Növbəti “KOB Fest” sərgi-satış yarmarkasının Gəncə şəhərində keçirilməsi planlaşdırılır.

Keçidlər