Şəkidə məktəblilərin Dövlət Rəmzləri Muzeyinə ekskursiyaları təşkil edilib
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Şəkidə keçirilən tədbirlər çərçivəsində orta məktəb şagirdlərinin Dövət Rəmzləri Muzeyinə ekskursiyaları təşkil olunub.
Dövət Rəmzləri Muzeyinə ekskursiyalar zamanı burada sərgilənən eksponatlar barədə geniş və ətraflı məlumat verilib. Bildirilib ki, xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında muzeylərin mühüm əhəmiyyəti var. Dövlət Rəmzləri Muzeyindəki eksponatlar Azərbaycanın dövlətçilik tarixini tam əhatə edir.
Qeyd olunub ki, üçrəngli bayrağımız dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin və mənəvi dünyasının rəmzidir. Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Şəki şəhərində dövlət bayrağına yüksək ehtiram nümunəsi olaraq Bayraq Meydanında dirəyinin hündürlüyü 72,4 metr olan Azərbaycan bayrağı ucaldılıb.