Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə mərhum alim, yazıçı Yusif Şükürlünün “Azan güllə” kitabının təqdimat mərasimi keçirilib

28 oktyabr 2026 | 07:57

Oktyabrın 27-də AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə mərhum alim, pedaqoq, yazıçı Yusif Şükürlünün “Azan güllə” kitabının təqdimat mərasimi keçirilib.

Şəki Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov görkəmli alim və yazıçı Yusif Şükürlünün elmi fəaliyyətindən və yaradıcılığından bəhs edib. Bildirib ki, Yusif Şükürlünün “Azan güllə” kitabı oxucuların yaddaşında iz qoyan, zaman keçdikcə öz dəyərini qoruyan əsərlər sırasında yer almağa layiqdir.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, elmi-bədii təfəkkürün məhsulu olan əsərlərin müəllifi Yusif Şükürlünün zəngin ədəbi irsi var və bu irs “Azan güllə” kitabının səhifələrində yenidən canlanır. İcra başçısı kitabın ərsəyə gəlməsində və tərtibatında əməyi olan şəxslərə təşəkkür edib, belə tədbirlərin ədəbi mühitin zənginləşməsinə, oxucuların kitaba və mütaliəyə marağının artırılmasına töhfə verdiyini qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri Vaqif Aslan, Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Şəki Elmi Tədqiqat Bazasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Coşqun Məmmədov, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin elmi işçisi Tural Adışirinov dəyərli ziyalı Yusif Şükürlünün elmin inkişafına verdiyi töhfələrdən, yaradıcılığının müasir Azərbaycan ədəbiyyatındakı yerindən və bədii xüsusiyyətlərindən, həmçinin onun insani keyfiyyətlərindən  bəhs ediblər, “Azan güllə” kitabı barədə fikirlərini səsləndiriblər.

Tədbirdə mərhum Yusif Şükürlünün qızı, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji biofizika şöbəsinin elmi işçisi Zərintac Şükürova və oğlu, hüquq üzrə fəlsəfə doktoru Tərxan Şükürlü çıxış edərək atalarının zəngin yaradıcılıq irsinə göstərilən diqqətə görə, kitabın ərsəyə gəlməsində, həmçinin tədbirin təşkil olunmasında  əməyi olan şəxslərə və qurumlara minnətdarlıq ediblər.

Bədii proqramla davam edən tədbirin sonunda xatirə fotosu çəkdirilib.

 

Keçidlər