Şəkidə Milli QHT Forumunun regional forumu keçirilib
Azərbaycan Milli QHT Forumu (AMQF) növbəti regional forumunu dekabrın 27-də Şəki şəhərində keçirib. “Şəki Palase” otelində reallaşan tədbirdə regionu əhatə edən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bölgələrdəki ehtiyacları və vəziyyəti yerində qiymətləndirmək məqsədi daşıyan forumda, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkədə baş verən böyük dəyişikliklər və inkişaf prosesi də əsas mövzulardan olub.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT təmsilçilərinin fəaliyyətindən bəhs edərək vurğulayıb ki, cəmiyyətin inkişafı üçün aktiv ictimai iştirakçılıq vacibdir.
“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova çıxışında son 20 ildə QHT-lərin beynəlxalq əməkdaşlıq sferasında da aktivliyinin müşahidə olunduğunu qeyd edib.
“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Mürsəl Möhübbəli, “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Şəki şöbəsinin sədri Gülnarə Mustafayeva və başqaları təmsil etdikləri QHT-lərin fəaliyyətlərindən danışıblar.
Qeyd edək ki, AMQF-nin regional forumları yanvarın 8-dək davam edəcək. Regional forumların dekabrın 29-da Gəncədə, 2024-cü il yanvar ayının 8-də Naxçıvanda davam etdirilməsi nəzərdə tutulur.
Yanvarın 10-da isə Bakıda Ümumrespublika Forumu keçiriləcək.