Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans işə başlayıb

14 sentyabr 2023 | 09:29

Sentyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Komitəsi və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və digər qurumların rəsmi şəxslərinin, din xadimlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri üçgünlük konfransda din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılacaq.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Tədbir iştirakçıları mərkəzin foyesində  təşkil olunmuş kitab sərgisi ilə tanış olublar.

Regional konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransın əvvəlində DQİDK-nin sifarişi ilə hazırlanan “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” sənədli filmi nümayiş etdirilib.

Konfransda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, dünyada nümunəvi model kimi qiymətləndirildiyini bildirib. Qeyd olunub ki, Azərbaycan dünyəvi dövlət olsa da, xalqımız hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda respublikamızda formalaşmış dövlət-din münasibətləri dünyaya nümunədir. Azərbaycanın dövlət-din modeli zəngin tariximizə, eləcə də milli dəyərlərimizə əsaslanır. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda tolerantlıq və birgəyaşayış mühitinin nümunəvi modeli formalaşıb, respublikamız dünyada multikulturalizm mərkəzinə çevrilib. Ölkəmizdə vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə eyni münasibət göstərilir. Azərbaycanın 44 günlük Vətən müharibəsində bütün dinlərin və millətlərin nümayəndələri Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək həmrəylik nümayiş etdirib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva din sahəsinə xüsusi həssaslıqla yanaşırlar. İşğaldan azad olunmuş ərazilərdə dini abidələrimizin bərpasına dövlət səviyyəsində ciddi önəm verilir. Heydər Əliyev Fondunun dini və tarixi abidələrin bərpasında xüsusi rolu var. Bu gün dövlətin qarşısında duran prioritet vəzifələrdən birinin tarixən mövcud olan tolerantlıq ənənəsinin qorunması və inkişafı olduğu xüsusi vurğulanıb.

Regional konfransda çıxış edən DQİDK sədrinin müavini Sahib Nağıyev deyib: “Doğma Vətənimiz Azərbaycan bəşər tarixinə, mədəniyyətinə və ədəbiyyatına misilsiz töhfələr verib. Təxminən 3 min illik dövlətçilik tarixi ərzində ölkəmiz daim sülhə, əmin-amanlığa və firavanlığa sədaqəti ilə seçilib. Təsadüfi deyil ki, öz ölkələrində əqidələrinə görə təzyiqlərə, zülmlərə məruz qalmış insanların ilk pənah gətirdiyi ölkələrdən biri Azərbaycan olub. 2500 il əvvəl Babilistanın zülmündən xilas olmaq üçün Vətənimizə sığınmış yəhudilərlə başlayan bu ənənə sonrakı dövrlərdə də davam edib. Ulu babalarımız tərəfindən qurulmuş Qafqaz Albaniyası, Atabəylər, Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri, Səfəvilər imperiyası bu ənənəyə sadiq qalıb, dünyada dözümlülük və birgəyaşayış ənənələrinin, bugünkü terminlərlə desək, tolerantlıq və multikultiralizmin inkişafında əhəmiyyətli rol oynayıb. Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin və digər din mənsublarının Vətəninə çevrilib”.

Xarici dairələrin ölkəmizdə apardıqları dini təbliğatda əsas məqsədin Azərbaycanı zəiflətmək, parçalamaq, ən azından təsir altına salmaq olduğunu söyləyən sədr müavini, bu kimi hallara qarşı mübarizə çərçivəsində görülən işlərdən danışıb.

Vurğulayıb ki, Ümummilli Liderin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində dövlət-din münasibətlərində yeni mərhələ başlayıb, bu istiqamətdə qanunvericilik təkmilləşdirilib, inzibati idarəetmə mexanizmləri formalaşdırılıb, milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəslə ötürülməsi istiqamətində mühüm addımlar atılıb.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev çıxışında dinin siyasiləşdirilməsi cəhdlərinə, dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizənin aparılmasının, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi məqsədilə müxtəlif formatlarda birgə tədbirlərin keçirilməsinin olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

Konfransda, həmçinin YAP Şəki rayon təşkilatı sədrinin müavini Ziya Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov mövzu ilə bağlı çıxış ediblər.

Regional konfrans işini sentyabrın 15-dək davam etdirəcək.

Keçidlər