Şəkidə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda konfrans keçirilib
Dekabrın 16-da Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dövlət Təhlükəsizliyi Xidməti və Şəki Şəhər İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda konfrans keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi ziyarət edilib, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Konfransda təşkilatçı qurumların rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, dini icma üzvləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov mövzunun aktuallığından bəhs edib.
Çıxış edən DQİDK sədrinin müavini Sahib Nağıyev Azərbaycanda bütün millətlərin, mehriban və bir-birlərinin adət-ənənələrinə hörmət ruhunda yaşamasının həm tarixən, həm də bu gün malik olduğumuz ən böyük milli-mənəvi dəyərlərdən biri olduğunu bildirib. Qeyd edib ki, bu dəyər həm də ölkəmizin inkişafının və ictimai-siyasi sabitliyinin mühüm şərtlərindəndir. Məhz bu səbəbdən Azərbaycan xalqının sahib olduğu multikultural dəyərləri və tolerantlıq ənənələrini qorumalı və gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni etməliyik.
S.Nağıyev vurğulayıb ki, son illərdə ölkəmizdə xarici radikal dini mərkəzlərin ideoloji-psixoloji əsarətinə çevrilmiş, məzhəbçiliyi və dini təəssübkeşliyi təbliğ edən azsaylı qruplaşmalar meydana gəlib ki, onlar əsasən din altında başqa ölkələrin dövlət siyasətlərini, mədəniyyətlərini təbliğ edir, əsarətlərinə çevrilmiş insanları öz cəmiyyətlərinə qarşı qoyur, beləliklə, mövcud sabitliyi, asayişi pozmaqla dövlətin daxildən zəifləməsinə şərait yaradırlar. Əlavə edib ki, məzhəbçilik və dini təəssübkeşlik meyilləri dini radikalizm və xurafatdan heç də az təhlükə daşımır. Bu kimi mənfi halların baş verməsinə səbəb dini savadlılığın yetərli olmamasıdır. Sədr müavini bildirib ki, sosial şəbəkələrdə məzhəblərarası və konfessiyalararası münasibətlərə zərbə vuracaq, təhrikedici materialların sayının gündən-günə artması səbəbindən sözügedən risklərdən qorunmaq üçün məktəblilərin, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə ciddi nəzarət olunmalıdır.
Baş Prokurorluğun nümayəndəsi Ramil Ədilov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi çıxış edərək, məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər və həlli yollarından bəhs ediblər.
QMİ-nin bölgə qazısı Kamran Məmmədov isə çıxışında dinə dövlət qayğısının əhəmiyyətinə toxunub.
Tədbir müzakirələrlə yekunlaşıb.