Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə "Multikulturalizm və dini tolerantlıq radikalizmə qarşı ən yaxşı mübarizə formasıdır" mövzusunda maarifləndirici tədbir keçirilib

23 aprel 2026 | 09:23

22 aprel 2026-cı il tarixdə Şəki Dövlət Regional Kollecində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Multikulturalizm və dini tolerantlıq radikalizmə qarşı ən yaxşı mübarizə formasıdır" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Şəki Şəhər İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala Regional Bölməsinin nümayəndəsi Saleh Məmmədov, Şəki şəhər mərkəzi "Cümə" məscidinin imamı Müşfiq Xəlilov, kollecin direktoru Sərdar Şərifov, direktor müavinləri, müəllimlər və tələbələr iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edənlər multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyini, multikulturalizmin bütün dünya üçün nümunə olacaq fərqli bir Azərbaycan modelinin formalaşdığını qeyd ediblər. Bu sahədə Ümummilli Lider Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərinin əvəzsiz olduğunu vurğulayıblar. Ölkəmizdə sərbəst şəkildə fəaliyyət göstərən dini konfessiya və icmalara dövlətin göstərdiyi diqqət və qayğısından, 44 günlük Vətən müharibəsində ayrı-ayrı millətlərdən olan, fərqli dini inanclı vətən oğullarının çiyin-ciyinə qəhrəmancasına döyüşməsindən danışıblar.

Tədbirdə dini radikalizm və onunla mübarizə yollarından bəhs edilib. Çıxışlarda İslamın yad təsirlərdən qorunmasında, dini radikalizmə qarşı mübarizədə hər kəsin yaxından iştirak etməsinin, bu sahədə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparılmasının zəruriliyi diqqətə çatdırılıb və bu məsuliyyətin cəmiyyətin bütün üzvlərinin üzərinə düşdüyü vurğulanıb.

Sonda tədbirin mövzusuna uyğun sənədli film nümayiş etdirilib.

Keçidlər