Şəkidə payızlıq taxıl sahələrində kompleks mübarizə tədbirləri görülür
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında ötən ilin payızında cari ilin məhsulu üçün 64,5 min hektardan çox sahədə taxıl əkilib. Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzi tərəfindən payızlıq taxıl əkinlərində və meyvə bağlarında kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə, xəstəlik, alaq otlarının meydana çıxması və yayılmasına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.
Mərkəzin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qurumun mütəxəssisləri tərəfindən səpindən bu günə qədər büdcə vəsaiti hesabına 3764,3 hektar taxıl sahəsində siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb. Kimyəvi mübarizədə aldadıcı yem hazırlamaqla sink-fosfid preparatından istifadə olunub. Eyni zamanda, taxılın zərərverici və xəstəliklərinə qarşı 6613 hektarda, həmçinin alaq otlarına qarşı 34 min 63 hektarda kimyəvi mübarizə tədbirləri görülüb.
Qurum rəsmisinin sözlərinə görə, son illər qlobal iqlim dəyişikliyi dəmyə taxıl sahələrinə də öz təsirini göstərib.
Mərkəzin rəisi bildirib ki, cari ildə rayonun yonca sahələrində yonca uzunburnu – fitonomusa qarşı 24,5 hektarı kimyəvi, 20 hektarı isə mexaniki olmaqla, 44,5 hektarda kimyəvi mübarizə tədbirləri aparılıb. Eyni zamanda, indiyədək 1185 hektar meyvə və 80 hektar üzüm bağında qış mübarizə tədbirləri görülüb. Hazırda bağlarda xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Tələt Mehdiyev onu da qeyd edib ki, cari ildə Mərkəzin əməkdaşları tərəfindən Balakən rayonunda, Mazımqara keçid-buraxılış məntəqəsində karantin obyekt hesab edilən qəhvəyi mərmər bağacığına qarşı dezinfeksiya işləri davam etdirilib. Yanvar-mart aylarında Mərkəzin mütəxəssisləri Zaqatala və Balakən rayonlarına ezam olunub, əhali arasında maarifləndirmə işi aparıblar. Eyni zamanda, qurumun mütəxəssisləri tərəfindən Şəki rayonu ərazisində də seçmə qaydası ilə qəhvəyi mərmər bağacığına qarşı feremon tələlər asılıb və 124 evə baxış keçirilib. Müşahidələr nəticəsində evlərdə qəhvəyi mərmər bağacığı aşkar edilməyib.