Şəkidə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi təşkil edilib
Şəki Olimpiya İdman Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi davam edir. Gənclər və İdman Nazirliyinin təşkil etdiyi düşərgəyə respublikamızın müxtəlif bölgələrindən 100-dək vətənpərvər gənc qatılıb. Düşərgənin təşkilində məqsəd gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsidir.
Olimpiya İdman Kompleksinin direktoru Yusif Qaffarov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, düşərgənin proqramında tibbi hazırlıq, topoqrafiya hazırlığı, silahlar haqqında praktik məlumatlandırma, airsoft silahlardan atəş açma, dağ və çay keçidlərinin aşılması, ekstremal şəraitdə sağ qalma təlimi, ocaq ətrafında vətənpərvərlik toplantıları, qazilərlə panel görüşlərdə söhbətlər və digər tədbirlərin təşkili nəzərdə tutulub. Təlimçilər Vətən müharibəsinin iştirakçısı olmuş xüsusi təyinatlı bölmələrin hərbçi-mütəxəssisləridir.
Düşərgənin ilk günündə ilkin tibbi yardımın göstərilməsi, sıra hazırlığı təlimləri keçirilib, axşam ocaq ətrafında vətənpərvərlik şeirləri müsabiqəsi təşkil edilib.