Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Polis Günü qeyd edildi

02 iyul 2024 | 17:21

İyulun 2-də Şəki Şəhər-Rayon Polis şöbəsində 02 iyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, təqaüddə olan keçmiş polis əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzmüş və xatirəsini ehtiramla yad etmişlər.

Şəki Şəhər-Rayon Polis şöbəsində keçirilən tədbiri giriş sözü ilə Şəki Şəhər-Rayon Polis şöbəsinin rəisi polkovnik Elnur Həsənov açaraq, polis əməkdaşlarını 02 iyul- Azərbaycan Polisi Günü münasibətilə təbrik etmiş və Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanlanmış təbrikini çatdırmışdır.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan polisinin şərəfli yol keçdiyini, polis orqanlarının ölkəmizdə təhlükəsizliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını, Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli 710 nömrəli Fərmanına əsasən hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edildiyini bildirmiş, polis əməkdaşlarını bu münasibətlə təbrik etmişdir. İcra başçısı qeyd etmişdir ki, bu gün Azərbaycan polisi sabitliyin, əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində uğurlu fəaliyyət göstərir.

Tədbirdə digər çıxış edənlər polis işçilərini təbrik etmiş, onlara dövlətçiliyin möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, dövlətin qanuni mənafelərinin müdafiəsi sahəsində fəaliyyətlərində uğurlar arzulamışdır.

Tədbirin sonunda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən xidməti fəaliyyətində fərqlənən yeddi polis əməkdaşına Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.

Keçidlər