Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir

01 iyul 2023 | 11:13

30 iyun 2023-cü il tarixdə Şəki Şəhər-Rayon Polis şöbəsində “02 iyul Azərbaycan Polisi Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə, şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, təqaüddə olan keçmiş polis əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.         
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Şəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzmüş və Ulu Öndərin xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbirin rəsmi hissəsi, Şəki Şəhər-Rayon Polis şöbəsinin inzibati binasında davam edib.
Tədbiri giriş sözü ilə Şəki Şəhər-Rayon Polis şöbəsinin rəisi polkovnik Elnur Həsənov açaraq, polis əməkdaşlarını “02 iyul Azərbaycan Polisi Günü” münasibəti ilə təbrik etmiş və Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanlanmış təbrikini çatdırmışdır.   
Tədbirdə çıxış edən, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “02 iyul Azərbaycan Polisi Günü” münasibəti ilə polis əməkdaşlarını təbrik etmiş və bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə 710 nömrəli Fərmanına əsasən hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir. Azərbaycan polisi ötən dövrdə  şərəfli yol keçmiş, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynamışdır. Ulu Öndərimiz Heydər Əliyevinin rəhbərliyi ilə aparılan hüquqi islahatların nəticəsi olaraq, polis vahid hüquq mühafizə orqanı kimi formalaşdı. 2003 –cü ildən başlayaraq isə ölkəmizdə möhtərəm Prezidentimizin  konsepsiyasına uyğun olaraq, inkişafın yeni mərhələsi başlandı. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında böyük qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında xüsusi  qəhrəmanlıq  göstərdilər. Vətən müharibəsində qazanılan zəfərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib.              Tədbirdə digər çıxış edənlər, polis işçilərini təbrik etmiş, onlara azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ictimai təhlükəsizliyinin qorunub saxlanılması işində uğurlar arzulamışdır.  
Tədbirin sonunda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərman və hədiyyələr təqdim edilmişdir.

Keçidlər