Şəkidə Prezident cənab İlham Əliyevin çoxşaxəli siyasəti mövzusunda maarifləndirici tədbir keçirilib
Aprelin 11-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli siyasəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 5 il ötdüyünü, 2018-ci ildə Azərbaycan xalqının Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş olduğunu bildirib.
İcra başçısı vurğulayıb ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçmiş, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənmiş, dövlətimizin qüdrəti və iqtisadi gücü daha da artmış, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi xeyli güclənmişdir.
Qeyd olunub ki, son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur.
Diqqətə çatdırılıb ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir.
Sonra tədbir iştirakçıları Bakı Media Mərkəzinin hazırladığı “İlham” sənədli filmini izləyiblər. Film Prezident cənab İlham Əliyevin tarixi missiyasına həsr olunub. Filmdə dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət, addım-addım qoyulan məqsədlərə nail olması və son nəticədə torpaqlarımızın işğaldan azad olunması əks edilib.