Şəkidə prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub
Şəki şəhərində Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü qeyd edilib.
Əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun əməkdaşları Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra rayon prokurorluğunun binasında peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbir zamanı çıxış edənlər prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncama əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü qeyd olunur. Məhz Ulu Öndərin rəhbərliyi ilə prokurorluq orqanlarının müasir, demokratik qurum kimi tamamilə yenidən formalaşdırılmış və dövlətçiliyimizin əsas sütunlarından birinə çevrilmişdir.
Vurğulanıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanları öz inkişafının məzmunca və keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoymuş, bu təsisatın işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılmışdır. Bu gün prokurorluq orqanları dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır, ictimai asayişin təmin olunması və cinayətkarlığa qarşı mübarizə sahəsində respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından fəaliyyət göstərir.







