Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə qocaman dərzi Rasim Məmmədova həsr edilən sənədli filmin ilk nümayişi olub

17 oktyabr 2022 | 08:51

Şəki şəhər Heydər Əliyev Mərkəzində qocaman dərzi Rasim Məmmədova həsr olunan “Köhnə radio” sənədli filminin ilk nümayişi olub. Tədbirdə şəhər rəhbərliyi, filmin yaradıcı heyəti, sənətsevərlər, Şəki sənətkarları, gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat mərasimində filmin ssenari müəllifi və prodüseri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Azərbaycan Beynəlxalq Muzeylər Şurası (İCOM) Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova çıxış edərək, filmin qəhrəmanı ilə 2020-ci ilin sentyabrında yaradıcılıq işi ilə əlaqədar Şəki şəhərində olarkən axşam gəzintisi zamanı xoş bir təsadüf nəticəsində tanış olduğunu və bu ahıl insanın öz peşəsinə olan sevgisindən ilhamlanaraq bu mövzuya müraciət etdiyini diqqətə çatdırıb.

Filmin müəlliflərindən olan kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının, MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqları Konfederasiyasının, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü Mübariz Nağıyev çıxışında şanlı tarixə malik təkrarolunmaz Şəki şəhərinin hər zaman təxəyyülünü cəlb etdiyini bildirib. Filmin rejissoru diqqətə çatdırıb ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması ərəfəsində Heydər Əliyev Fondunun sifarişi ilə çəkdiyi digər sənədli film dünyanın bir çox ekranlarında uğurla nümayiş olunub və həmin film onun və bütün yaradıcı qrupun Şəkiyə olan məhəbbətinin nəticəsi idi. “Bu il də yaradıcılığımız Şəkidən yan keçmədi. Çox maraqlı insan olan qocaman dərzi Rasim Məmmədovun şəxsiyyəti diqqətimizi cəlb etdi və biz beynəlxalq festivallarda, eləcə də yerli televiziya kanallarında nümayiş etdirilməsini planlaşdırdığımız sənədli filmi yaşı 90-a yaxınlaşan və 70 il iş təcrübəsi olan şəkili sənətkara həsr etdik”, - deyə Mübariz Nağıyev vurğulayıb.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova filmin yaradıcı heyətinə təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilib, 2012-ci ildə türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. Şəki, eyni zamanda, Dünya Tarixi Şəhərlər Liqasının üzvüdür. 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında isə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Şəkinin sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olduğunu vurğulayan Z.Cavadova hazırda bu şəhərdə xalq tətbiqi sənətinin 20-dək növünün qorunub saxlandığını diqqətə çatdırıb. Bildirilib ki, Şəki Azərbaycanda festivallar şəhəri kimi də tanınır. Hər il bu şəhərdə keçirilən “İpək Yolu” Beynəlxalq musiqi və digər festivallar şəhərin qeyri-maddi irsinin qorunub saxlanmasına imkan yaradır, eyni zamanda, turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayır.

Sənədli filmin qəhrəmanı 87 yaşlı dərzi Rasim Məmmədov çıxışında ulu öndər Heydər Əliyevin sənətkarlara həmişə yüksək qiymət verdiyini vurğulayıb, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə mədəni irsin qorunmasına böyük diqqət və qayğı göstərildiyini bildirib, filmin müəlliflərinə təşəkkür edib.

Tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazadə çıxış edərək Şəki sənətkarları adından filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.

Keçidlər