Şəkidə rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
Avqustun 8-də Şəki Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Şəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ağsaqqallar, ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər, sonra mərkəzdə Ulu Öndərə həsr olunan ekspozisiya ilə tanış olublar.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının, həmçinin ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov hesabat məruzəsi ilə çıxış edib. O, Şəkidə ağsaqqallara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, həmçinin Azərbaycan Respublikası Ağsaqqallar Şurasının və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şəki Rayon Ağsaqqallar Şurasının üzvləri Rühangiz Abdullayevaya və Bəşarət Yusifov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, ağsaqqal, ağbirçək sözü, xeyir-duası xalqımızın mənəvi dünyasında həmişə yüksək qiymətləndirilib. Bu gün respublika ağsaqqalları ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur. Dövlətimizin bu günkü inkişafında onların böyük rolu var. Ağsaqqallarımız həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər.
Vurğulanıb ki, Şəkidə də ağsaqqallar rayonun ictimai-siyasi, mədəni həyatında, xüsusilə gənclərin maarifləndirilməsində yaxından iştirak edirlər. Onlar rayonumuzun bütün tədbirlərində diqqət mərkəzində saxlanılır, qayğı ilə əhatə olunurlar.
Bildirilib ki, qarşıdan növbədənkənar Parlament seçkiləri gəlir. Ağsaqqallarımız bu siyasi kompaniyada aktiv iştirak etməlidirlər.
Sonda Şəki Rayon Ağsaqqallar Şurasının bir illik fəaliyyətinə qənaətbəxş qiymət verilib.