Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə sahibkarların iştirakı ilə Biznes Forum keçirilib

29 avqust 2022 | 15:19

Şəki Şəhər İcra Hakimiyyəti və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə Şəki şəhərində B2G Forum keçirilib. Forum çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov  “Caspian Energy Club”u təmsil edən şirkət rəhbərləri və nümayəndələri ilə görüş keçirib.

B2G Forumda iqtisadiyyatın fərqli sahələrini təmsil edən 50-dən çox sahibkar iştirak edib.

B2G Forumun iştirakçılarını salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Şəki rayonunun kənd təsərrüfatı və turizm potensialından danışıb.

Elxan Usubov bildirib ki, Şəkidə iqtisadi inkişaf kənd təsərrüfatı və turizm olmaqla 2 prioritet istiqamətdə aparılır. O vurğulayıb ki, rayona özəl investisiya layihələrinin cəlb olunması bu sahələrin daha da inkişafına təkan verir.

Daha sonra Şəkinin iqtisadi göstəriciləri barədə təqdimatla çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev hər il rayonda 66-68 min hektar sahədə taxıl  əkildiyini və orta hesabla 200 min ton taxıl istehsal olunduğunu, rayonun iqtisadi inkişafına təsir göstərən tütün istehsalına görə respublikada birinci yerdə qərarlaşdığını, 2022-ci ildə 1250 hektar ərazidə tütün əkildiyini, bol məhsul proqnozlaşdırıldığını, həmçinin üzümçülüyün, heyvandarlığın, arıçılığın və bağçılığın inkişafı istiqamətində mühüm işlər aparıldığını qeyd edib.

 "Caspian Energy Club"ın İdarə heyətinin sədri Telman Əliyev bildirib ki, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi Şəkidə  də yerli və xarici investorlar üçün əlverişli biznes mühiti mövcuddur. Şəki rayonunda aqro turizm, ekoturizm, kənd turizmi və müxtəlif turizm sahələri inkişaf etmişdir. Bu gun iştirak edən sahibkarlar bu sahənin potensialını xüsusi ilə vurğulayır.

“Caspian Energy Club”un Şəki-Zaqatala iqtisadi rayonu üzrə nümayyəndəliyinin rəhbəri eyni zamanda VITAM şirkətinin həmtəsisçisi və direktoru Tehran Əliyev Şəki şəhəri rəsmilərini və forum iştirakçılarını “Caspian Energy Club”un gələcək regional fəaliyyəti və planları haqqında məlumatlandırıb. Tehran Əliyev bu cür forumların və ikitərəfli görüşlərin mütəmadi olacağını vurğulayıb.

 Daha sonra Elxan Usubov B2G Forum iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.

 Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Caspian Energy Club” ailəsinə UNESCO-nun yaradıcı şəhərlər siyahısına daxil edilmiş Şəki şəhərinin loqosu üzərində əks olunmuş medal hədiyyə edib.

 Sonda “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova minnətdarlığını bildirib və “Caspian Energy Club”un fəxri üzvü sertifikatını ona təqdim edib.

Keçidlər