Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Şəhər günü” bayram tədbirinin təntənəli açılış mərasimi keçirilib

07 iyul 2022 | 17:20

Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə “Şəhər günü” möhtəşəm bayram tədbirləri ilə qeyd olunur.

Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin, Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə reallaşan bayram tədbirinin proqramı olduqca maraqlı və rəngarəngdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 7-də səhər saatlarında Şəki şəhərindəki Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda “Şəhər günü” bayram tədbirinin açılış mərasimi olub.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, şəhər sakinlərini əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, zəngin tarixə, qədim mədəniyyətə malik olan Şəkidə “Şəhər günü” bayramı ikiqat sevinc hissi ilə qeyd olunur. Bu da təsadüfi deyil. Vətən müharibəsində əldə olunan şanlı Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz təmin olunub. Vurğulanıb ki, Azərbaycan xalqı bu Qələbə sevincini bizlərə yaşadan mübariz oğulların qəhrəmanlığını yüksək qiymətləndirir, şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini daim uca tutur.

Qeyd edilib ki, bütün dövrlərdə Şəki Azərbaycan tarixində mühüm yerə malik olub. Ona görə də şəhər sakinlərinin bu günü bayram etməyə daha çox mənəvi haqqı var. Bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan unikal bir yerdir. Azərbaycan memarlığının ən gözəl abidələri bu şəhərdə yerləşir. Zəngin tarixi mədəni irsin qorunub saxlanması nəticəsində Şəki Azərbaycanın mühüm turizm mərkəzinə çevrilib.

Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Diqqətə çatdırılıb ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 2021-ci il iyulun 7-də Şəkidə keçirilən təntənəli mərasimdə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı təşkilatın baş direktoru tərəfindən imzalanan sertifikat şəhər rəhbərliyinə təqdim olunub. Həmin tədbirdə hər il iyulun 7-nin Şəkidə “Şəhər günü” kimi qeyd olunması qərara alınıb.

Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova çıxışında Şəki şəhərini özündə turizm istiqamətli bir neçə sahəni birləşdirən mədəni irs nümunəsi kimi dəyərləndirib. Qeyd edib ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Şəkinin tarixi hissəsində Dünya İrs Konvensiyasının tələblərinə uyğun gələn onlarla abidə mövcuddur. Sədr müavini ötən il Nazirlər Kabinetinin qərarı ilə daha 58 abidənin dövlət mühafizəsinə götürülməsinin Şəkinin mədəni-tarixi irsinin daha dayanıqlı şəkildə qorunması, ümumbəşəri dəyərlərinin mühafizəsi baxımından önəmli olduğunu vurğulayıb.

Azadə Hüseynova Şəki şəhərinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində bir neçə tarixi binada təmir-bərpa işlərinin həyata keçirildiyini, növbəti illərdə də bu istiqamətdə işlərin mərhələli şəkildə icrasının davamının nəzərdə tutulduğunu qeyd edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında ölkəmizdə mədəni irsin qorunmasına göstərilən yüksək dövlət qayğısından danışıb.

Rəsmi hissədən sonra Dövlət Sərhəd Xidmətinin hərbi orkestri konsert proqramı ilə çıxış edib.

 

Keçidlər