Şəkidə “Şəhər günü” qeyd olunub
İyulun 7-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə “Şəhər günü” bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan bayram tədbirinin proqramı maraqlı və rəngarəng olub. “Şəhər günü”nün Şəkidə “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının keçirildiyi günlərə təsadüf etməsi sakinlərin bayram sevincinə əlavə rəng qatıb.
Bayram tədbirinin təntənəli açılış mərasimi səhər saatlarında Şəki şəhərindəki Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda təşkil olunub.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, şəhər sakinlərini əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, 2711 illik tarixə, qədim mədəniyyətə malik olan Şəkidə “Şəhər günü” bayramı ikiqat sevinc hissi ilə qeyd olunur. Bu da təsadüfi deyil. Vətən müharibəsində əldə olunan şanlı Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz təmin olunub.
Qeyd edilib ki, bütün dövrlərdə Şəki Azərbaycan tarixində mühüm yerə malik olub. Ona görə də şəhər sakinlərinin bu günü bayram etməyə daha çox mənəvi haqqı var. Bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan unikal bir yerdir. Bu şəhərdə Azərbaycan memarlığının ən gözəl abidələri yerləşir. Zəngin tarixi mədəni irsin qorunub saxlanması nəticəsində Şəki Azərbaycanın mühüm turizm mərkəzinə çevrilib.
Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Diqqətə çatdırılıb ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 2021-ci il iyulun 7-də Şəkidə keçirilən təntənəli mərasimdə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı təşkilatın baş direktoru tərəfindən imzalanan sertifikat şəhər rəhbərliyinə təqdim olunub. Həmin tədbirdə hər il iyulun 7-nin Şəkidə “Şəhər günü” kimi qeyd olunması qərara alınıb.
Dövlət Turizm Agentliyinin rəsmisi Murad Ağabəyli Şəkidə mədəni-tarixi irsin qorunub saxlanmasına çox böyük diqqət göstərildiyini vurğulayıb, şəhər sakinlərini əlamətdar gün münasibətilə təbrik edib.
Rəsmi hissədən sonra bayram tədbirinin iştirakçıları rəngarəng konsert proqramını izləyiblər. Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Türkiyənin Safranbolu bələdiyyəsinin Xalq Oyunları qrupunun çıxışları tədbir iştirakçılarının ürəyincə olub.
Şəhər rəhbərliyi tərəfindən ifaçı və kollektivlərə, həmçinin festival münasibətilə təşkil olunan idman yarışlarının qaliblərinə xatirə hədiyyələri və mükafatlar təqdim edilib.