Şəkidə “Şəhərdaxili hərəkət planının hazırlanması” layihəsi çərçivəsində ictimai müzakirələr keçirilib.
23-24 iyun tarixlərində Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində Şəki və Mingəçevir şəhərlərində ictimai müzakirələr keçirilib. Layihənin həyata keçirilməsində məqsəd şəhərin nəqliyyat infrastrukturunun kompleks inkişafı proqramının, ictimai sərnişin nəqliyyatı ilə əhaliyə nəqliyyat xidmətlərinin təşkili üzrə sxemin, nəqliyyat infrastrukturunun və yol hərəkətinin təşkili sxeminin hazırlanmasından ibarətdir. İctimai müzakirlərdə nəqliyyat infrastrukturu zonalarına dair məlumatlar, yolların keyfiyyəti, nəqliyyat və avtonəqliyyat vasitələri parkının strukturu ilə bağlı ictimaiyyətin fikirləri dinlənilib. Həmçinin şəhər əhalisinə nəqliyyat xidmətlərinin bütün növləri üzrə, o cümlədən marşrut şəbəkəsi, hərəkət tərkibi, sərnişin daşıyan təşkilatların nəqliyyat xidməti, avtomobil yollarında hərəkət sıxlığı və digər məsələlər müzakirə olunub, ictimaiyyətin fikirlərinə əsasən müvafiq qeydlər aparılıb, suallar cavablandırılıb. Tədbirdə Şəki və Mingəçevir şəhər icra hakimiyyətlərinin nümayəndələri ilə yanaşı AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Nəqliyyat və logistika fakültəsinin layihənin işinə cəlb edilən müəllim heyəti dosentlər - Əlləz Əliyev və Ramin Aslanov, gənc müəllimlər - Turan Verdiyev, Ülvi Cavadlı, Röyal Allahverdiyev iştirak ediblər.