Şəkidə şəhid ailələri üçün bayram süfrəsi təşkil olunub
Martın 7-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə şəhid ailələri üçün bayram süfrəsi təşkil olunub.
“Ağ Qaya” restoranında təşkil olunan bayram süfrəsi ətrafında toplaşanlar əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Prezident cənab İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu oxunub.
Şəhid analarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, ana adı müqəddəsdir, əzizdir. Bizi həyata gətirən, böyüdən hər qayğımızı çəkən analarımızdır. Şəhid anaları gözümüzün nurudur. Onların övladları bu vətən bu torpaq uğrunda canlarından keçib. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınıb. Qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edir, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirirlər.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək şəhid ailələrinə ölkəmizdə göstərilən diqqət və qayğıdan bəhs etmiş, qadınları Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir.
YAP Şəki Təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək Azərbaycan qadınlarının bu gün xalqa və cəmiyyətə layiqincə xidmət etdiyini, mühüm dövlət qurumlarında uğurla təmsil olunduğunu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiyini bildirib, onları bayram münasibətilə təbrik edib.
Sonda şəhid anaları çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Bayram tədbirində müxtəlif müsiqi nömrələri səsləndirilib.