Şəkidə şəhid Bəxtiyar İdrisova həsr olunun "Bəxti Yarım" sənədli filminin təqdimatı olub
Avqustun 1-də Şəki Heydər Əliyev Mərkəzində lokal xarakterli antiterror əməliyyatı zamanı şəhid olan Bəxtiyar İdrisova həsr edilən, rejissoru Elvin Nüsrətoğlu olan "Bəxti Yarım" sənədli filminin təqdimatı olub. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, ziyalılar və qonaqlar iştirak edib.
Film təqdimatından öncə vətənpərvər ruhda mahnılar səslənib. Sonra "Bəxti Yarım" filmi nümayiş olunub. Hər kəsin göz yaşına səbəb olan film alqışlarla qarşılanıb.
Tədbirin ən yadda qalan hissəsi isə şəhid Bəxtiyar İdrisovun arzusunun gerçəkləşməsi olub. Belə ki, Bəxtiyar şəhid olmazdan öncə anası qızıl üzüyünü itirir, Bəxtiyar isə anasına söz verir ki, mən hərbi xidmətdən döndükdən sonra işləyib ilk əmək haqqımdan sənə üzük alacam. Lakin antiterror əməliyyatı zamanı Bəxtiyar İdrisov şəhid olur. Dövlətimizin şəhid ailələrinə hər zaman dəstəyi əvəzsizdir. Elə bunun nəticəsidir ki, Bəxtiyarın böyük bacısı Ülviyyə İdrisova Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə işə qəbul olur və ilk əmək haqqından qardaşının arzusunu gerçəkləşdirir. Tədbir zamanı Bəxtiyarın adından qızıl üzük bu məsələdən xəbərsiz olan Leyla ananın barmağına taxılır.
Tədbirdə araşdırmaçı-jurnalist Şahin Aydəmirin və Könül Mahmudovanın birgə hazırladıqları “Bəxtiyarsız günlər” kitabı, həmçinin, gənc rəssam Sanur Salamzadənin şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq çəkdiyi portret xatirə olaraq şəhidin ailəsinə təqdim edilib.
Sonda şəhid valideyinləri və şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək filmin çəkilişlərində xidmətləri olanlara və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Filmin təqdimatı anşlaq keçib.