Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə şəhid Bəxtiyar İdrisovun xatirəsinə həsr olunmuş “Şəhadəti ilə əbədiləşən Bəxtiyar ömrü” adlı anım tədbiri keçirilib

28 oktyabr 2026 | 08:00

Oktyabrın 27-də lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Bəxtiyar İdrisovun xatirəsinə həsr olunmuş “Şəhadəti ilə əbədiləşən Bəxtiyar ömrü” adlı anım tədbiri keçirilib.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri, gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhid Bəxtiyar İdrisovun xatirəsinə həsr edilmiş sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra lokal xarakterli antiterror tədbirlərinə həsr olunmuş videoçarx nümayiş olunub.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anaları Dursun Cavadova, Gülnarə Mustafayeva və digər çıxış edənlər Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabr ayının 19-20-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı hərbçilərimizin göstərdiyi qəhrəmanlıqdan, dövlətimizin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Qeyd olunub ki, lokal xarakterli antiterror tədbirləri zamanı rayonumuzdan iki nəfər - kiçik gizir Rizvan Əhmədov və  əsgər Bəxtiyar İdrisov şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Bəxtiyar İdrisov ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mərdliklə, cəsarətlə döyüşmüş və gənc yaşında şəhid olmuşdur. Onun kimi vətən oğullarının qəhrəmanlığı, şərəfli ömür yolu gənclərimiz üçün hər zaman örnəkdir.

Vurğulanıb ki, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qanı yerdə qalmadı, onların qisası döyüş meydanında alındı, uğrunda can verdikləri müqəddəs yol tarixi Zəfərlə başa çatdı.

Sonra şəhid Bəxtiyar İdrisovun valideynləri çıxış edərək tədbirin təşkilatçılarına və dəstək olanlara təşəkkür ediblər.

Tədbirin bədii hissəsində Şəki şəhər Heydər Əliyev Mərkəzinin, şəhər 11 nömrəli tam orta məktəbin və Səməd Vurğun adına Folklor evinin birgə təşkilatçılığı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvərlik ruhunda mahnılar, şeirlər səsləndirilib.

 

 

Keçidlər