Şəkidə şəhid Rahib Hacı-İsmayılovun doğum günü münasibətilə tədbir keçirilib
Sentyabrın 17-də Şəkidə Vətən müharibəsi şəhidi Rahib Hacı-İsmayılovun doğum günü münasibətilə “Qısa ömrün sonsuz izi ” adlı tədbir keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, qazilər, hərbiçilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhid Rahib Hacı-İsmayılovun xatirəsinə həsr edilmiş sərgi ilə tanış olublar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhidin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov,YAP Şəki rayon Təşkilatının sədri Daşqın Mikayılov və digər çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, dövlətimizin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.
Qeyd olunub ki, Vətən müharibəsində xalqımızın mərd oğulları Vətən uğrunda öz canlarından keçiblər. Onlardan biri də Ağdərə raronunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Rahib Hacı-İsmayılovdur. O, könüllü olaraq döyüşlərə qatılmışdır və Vətən uğrunda şəhidlik zirvəsinə ucalmışdır.
Sonra şəhid Rahib Hacı-İsmayılovun valideynləri çıxış edərək tədbirin təşkilatçılarına və dəstək olanlara təşəkkür ediblər.
Tədbirin bədii hissəsində Şəki şəhər Heydər Əliyev Mərkəzinin, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" Folklor evinin, Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin və Şəki şəhər 11 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvərlik ruhunda mahnılar, şeirlər səsləndirilib.







