Şəkidə şəhid və qazi övladlarına məktəb ləvazimatları təqdim olunub
Yeni tədris ilinin başlanması münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və qazilərin məktəbli övladlarına forma və zəruri dərs ləvazimatları hədiyyə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə sentyabrın 9-da Şəki Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyinin, şəhid və qazi övladlarının, valideynlərin, təhsil işçilərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açıb, şəhid və qazilərin məktəbli övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Bildirilib ki, 44 gün davam edən və düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrilib. Vətən uğrunda canlarından keçən şəhidlərin övladları xalqımıza əmanətdir və onların qayğısız böyümələri, təhsil almaları üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülür.
Tədbirdə “Vətən naminə” İctimai Birliyinin Şəki təşkilatının rəhbəri, şəhid anası Gülnarə Mustafayeva, Vətən müharibəsi iştirakçısı, qazi Asif Məmmədəliyev, şəhər icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov çıxış edərək, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, məktəblilərə yeni dərs ilində uğurlar diləyiblər.
Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin xor kollektivinın çıxışından və şəhid övladlarına həsr olunan klipin nümayişindən sonra tədbirdə iştirak edən məktəblilərə hədiyyələr təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.