Şəkidə şəhidlərimizə həsr olunan “Möhtəşəm Zəfərin nişanəsi” kitabının təqdimatı olub
İyulun 22-də Şəki Şəhər Heydər Əliyev Mərkəzində gənc yazar Sevindik Nəsiboğlunun şəhidlərimizə həsr etdiyi “Möhtəşəm Zəfərin nişanəsi” kitabının təqdimat mərasimi keçirilib. Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Regional Mədəniyyət İdarəsi şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, ziyalılar, təhsil və mədəniyyət işçiləri, kitabxanaçılar, yeniyetmə və gənclər iştirak ediblər.
Tədbiri Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri, şair Vaqif Aslan açaraq, şəhidlərimizə və 44 günlük Vətən müharibəsinə həsr olunan “Möhtəşəm Zəfərin nişanəsi” kitabının gənc yazar Sevindik Nəsiboğlunun sayca 5-ci kitabı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, kitabda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban verərək şəhadətə yüksələn Vətən oğullarının döyüş yollarından, qəhrəmanlıqlarından bəhs olunur.
Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov çıxış edərək, gənc yazarın yaradıcılığı barədə geniş məlumat verib. Bildirilib ki, 700-dən çox səhifəsi olan “Möhtəşəm Zəfərin nişanəsi” kitabının əsas mövzusunu Birinci Qarabağ müharibəsi, atəşkəs dövrü, 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşləri, nəhayət, 44 günlük Vətən müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərimizin qısa, lakin olduqca mənalı həyat və döyüş yollarından bəhs edən publisistik məqalələr, şeirlər, anım tədbirlərindəki çıxışlar, eləcə də 1992-2020-ci illərdə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman Azərbaycan oğulları haqqında müəllif tərəfindən yaradılan Vikipediya səhifələri təşkil edir. Kitabda, ümumilikdə, 76 şəhid, 2 qazi və 2 müharibə iştirakçısı haqqında məqalə və şeir, azad edilən ərazilərimiz və vətənpərvərlik mövzusunda 40-dək şeir, həmçinin 365 şəhid haqqında vikipediya səhifəsi yer alıb.
Anar Məmmədov “Möhtəşəm Zəfərin nişanəsi” kitabının yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin aşılanması, kitaba olan marağın artması baxımından böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Tədbirdə Şəki Mərkəzi Kitabxanasının direktoru Kəmalə İsmayılova, kitabxananın əməkdaşı Dilbər Yaqubova, şəhid anaları İlkinbar Səmədova, Laləzar Nuhuyeva, jurnalist Çingiz Nağıyev, Sevindik Nəsiboğlunun əmisi, professor Asif Rüstəmli, AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı İradə Yusifli çıxış edərək, kitabın əhəmiyyətindən danışıblar. Sonra müəllifin şeirləri səsləndirilib.
Gənc yazar Sevindik Nəsiboğlu çıxış edərək, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.