Şəkidə şəhidlərin xatirəsi ehtiramla anılıb
20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar yanvarın 20-də səhər saatlarında şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri Şəki şəhərində yeləşən Şəhidlər Xiyabanını ziyarət etmiş, Vətənimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
Bildirilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqı üçün unudulmaz tarixdir. Bu qanlı faciədən artıq 34 il ötür. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Bakı vaxtı ilə saat 12:00-da ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı Şəki şəhərində yerləşən Şəhidlər Xiyabanında, kənd və qəsəbələrdə yerləşən şəhidlərin məzarlıqlarında abadlıq-təmizlik işləri aparılmış, hüzn əlaməti olaraq yanvarın 20-də rayon ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilmişdir.