Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə şəhidlərin xatirəsinə həsr olunan futbol turniri keçirilir

14 iyul 2023 | 10:37

Şəki şəhər stadionunda ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə həsr olunan “Şəki şəhidləri – 2023” futbol turnirinə start verilib. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki sektorunun təşkilatçılığı ilə keçirilən turnirdə 11 komanda mübarizə aparır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Gənclər və İdman İdarəsinin Şəki sektorundan məlumat verilib.

Turnirə başlamazdan əvvəl Şəki şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.

Turnirin rəsmi açılış mərasiminin əvvəlində Azərbaycanın Dövlət Himni oxunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki sektorunun müdiri Ariz Əhmədov çıxış edərək, Vətən müharibəsində qazanılan şanlı Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə olunduğunu vurğulayıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan söz açıb.

Tədbirdə çıxış edənlər ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

İdmançıların nümunəvi çıxışlarından sonra qarşılaşmalara start verilib.

Turnirin ilk oyununda “Qışlaq” komandası “Dağ dibi” komandasını 3-1 hesabı ilə məğlub edib.

Şəhidlərin xatirəsinə həsr olunan futbol turniri bir ayadək davam edəcək.

Keçidlər