Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə "STEAM" və Peşə təmayüllü siniflərın yaradıcılıq festivalı keçirilib

30 may 2024 | 07:56

Mayın 29-da Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində "STEAM" və Peşə təmayüllü siniflər layihəsi tədris edilən məktəblərin iştirakı ilə yaradıcılıq festivalı keçirilib.

Festivalda Şəki şəhər İcra Hakimiyyətininin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi, regionun Peşə Təhsil Mərkəzinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 800-ə yaxın şagird, valideyn və müəllimlər, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Festival Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək regionda tətbiq olunan "STEAM" və Peşə təmayüllü siniflər layihələrinin uğurlarından danışıb, bu layihələrin şagirdlərin təhsilə olan marağını artırmaqla yanaşı, onların yaradıcılıq potensialını və peşə bacarıqlarını inkişaf etdirdiyini qeyd edib.

Festival çərçivəsində iştirakçılar müxtəlif mövzularda yaradılmış əl işləri və məhsulları ilə tanış olublar. Bu stendlərdə şagirdlər öz layihələrini, innovativ ideyalarını və yaradıcı işlərini nümayiş etdiriblər.

Festivalın bədii hissəsində şagirdlərin ifasında təqdim olunan konsert proqramı da böyük maraq doğurub. Konsertdə müxtəlif yerli bəstəkarların mahnıları, aşıq havaları və xalq mahnıları ifa edilib, şeirlər söylənilib və rəqs nömrələri nümayiş olunub.

Qeyd edək ki, festivalın məqsədi məktəblilər arasında həm elm və texnologiyaya, həm də ekoloji problemlərin həllinə maraq oyatmaqdır.

Keçidlər