Şəkidə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı qeyd olunub
İyunun 5-də Şəkidə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi uğrunda şəhid olmuş Vətən oğullarının məzarları ziyarət edib, önünə gül dəstələri düzərək xatirələrini böyük ehtiramla anıblar.
Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində keçirilən tədbirdə çıxış edənlər su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramı münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatımızın inkişafında mühüm əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sahəsində müasir idarəetmə sisteminin təşkili, innovativ metodların, yeni suvarma texnologiyalarının və texnikanın tətbiqi nəticəsində əhalinin içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, mövcud meliorasiya, irriqasiya və su təchizatı sistemlərinin tikintisi və yenidənqurulması sahəsində tədbirlər uğurla davam etdirilir.
Tədbirdə, son dövrdə Şəki rayonunda su təsərrüfatı və meliorasiya sahəsində görülən işlər haqqında məlumat verilib, qarşıda duran vəzifələrə toxunulub.
Sonda su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin bir qrup işçisinə Regional Su Meliorasiya Xidmətinin Fəxri Fərmanları və idarənin Tərifnamələri təqdim edilib.