Şəkidə "Şuşa İli" çərçivəsində növbəti tədbir keçirilib
Mayın 20-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində "Şuşa İli" çərçivəsində "Xan Şuşinski və Şuşanın dağları" adlı tədbir keçirilib.
Şəki Şəhər İcra Hakimiyyəti , Şəki Regional Mədəniyyət İdarəsi və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları şəhid Elçin Nadirovun övladı Arzu Nadirovanın ifasında “Şuşanın dağları” rəqsinə tamaşa ediblər.
Tədbirdə çıxış edən Şəki şəhər icra hakimiyyətinin başçısı cənab Elxan Usubov 44 gün davam edən və düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini, 2020-ci il noyabrın 8-də tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsinin müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldığını bildirib.
Şuşa İli çərçivəsində ölkəmizdə, o cümlədən Şəki şəhərində müxtəlif tədbirlərin keçirildiyini qeyd edən icra başçısı bu tədbirin Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Xan Şuşinskiyə həsr olunduğunu bildirib.
İcra başçısı vurğulayıb ki, bu gün Azərbaycanda muğam sənətinə, musiqimizə dərin məhəbbət və ehtiram var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan və yüksək səviyyədə inşa olunaraq istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi qədim sənətə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə muğam sənətimiz YUNESKO-nun qeyri maddi mədəni irs siyahısına daxil edilmişdir.
Sonra tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Tərlan Nəsibov çıxış edib. O, qeyd edib ki, muğam sənəti Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu təşkil edir. XIX əsrin birinci yarısından başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri ilə birlikdə xanəndəlik, vokal sənətinin də sürətlə inkişaf etdiyini bildirən idarə rəisi Xan Şuşuniskinin Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində Şəki şəhər 4 saylı uşaq musiqi məktəbinin və Şəki Dövlət Regional Kollecinin kollektivi maraqlı konsert proqramı ilə çıxış ediblər.