Şəkidə “Şuşa, sən azadsan!” adlı tədbir keçirilib
“Şuşa İli” çərçivəsində mayın 6-da Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəkidə “Şuşa, sən azadsan!” adlı tədbir keçirilib.
Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər,gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə dövlət himni səsləndirilb. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə ən şanlı səhifə kimi daxil olduğunu, 2020-ci il noyabrın 8-də tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsinin müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldığını bildirib. İcra başçısı vurğulayıb ki, Şuşanın işğaldan azad edilməsi dünya hərb tarixinə ən uğurlu taktiki döyüşlərdən biri kimi düşüb. Bu müqəddəs yolda canından keçən şəhidlərimiz heç zaman unudulmayacaq. Şuşa fatehləri, qazilərimiz, şəhidlərimiz Azərbaycan xalqının qəhrəman oğulları kimi hər zaman xatırlanacaq.
İcra başçısı Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Sərəncam imzaladığını, 2022-ci il Şuşanın həyatında ən yaddaqalan il olacağını bildirib.
Sonra tədbir iştirakçıları Şəki Regional Kollecinin müəllim və tələbələrinin təqdimatında maraqlı konsert proqramına tamaşa ediblər.