Şəkidə “Suverenliyə Doğru Yol: Heydər Əliyevin İrsi” mövzusunda konfrans keçirilib
İyulun 14-də Şəki Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “Suverenliyə Doğru Yol: Heydər Əliyevin İrsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, Şəki Heydər Əliyev Mərkəzinin rəhbər şəxsləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikaya birinci dəfə rəhbərlik etməyə başladığı günü - 1969-cu il 14 iyul tarixini ölkəmizin taleyində dönüş nöqtəsi kimi xarakterizə ediblər.
Bildirilib ki, Azərbaycanın dünəni və müasir tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran vəziyyətindən çıxarmış, vətəndaş müharibəsinin qarşısını almış, atəşkəs rejiminin tətbiqinə nail olmuş, bir sözlə, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. Heydər Əliyev ölkə həyatının bütün sahələrində qanunçuluğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslı xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin inkişafı, hüquqi və demokratik dövlət quruculuğu məhz onun adı ilə bağlıdır.
Vurğulanıb ki, Bu gün Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Bu gün Azərbaycan regionda söz sahibinə, beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib.
Sonda tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.







