Şəkidə “Suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir” mövzusunda toplantı keçirilib
Aprelin 18-də "Konstitusiya və Suverenlik ili" çərçivəsində Şəki Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir” mövzusunda toplantı keçirilib.
Şəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev, Şəki Heydər Əliyev Mərkəzinin rəhbər şəxsləri, ziyalılar, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər 2025-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilməsindən, suverenliyimizin tam bərpa olunmasının dövlətçilik tariximizdə əhəmiyyətindən, bu prosesin beynəlxalq hüquq normalarına əsaslanmasından və Azərbaycan xalqının milli iradəsinin təntənəsi olmasından danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində ölkəmiz bütün dünyaya öz suveren hüquqlarını qorumağın mümkün olduğunu nümayiş etdirib.
Tədbirdə 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin xüsusi təşəbbüsü və müəllifliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının mahiyyəti və rolu barədə geniş məlumat verilib.
Tədbirdə YAP-ın sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim edilib.
Sonda tədbirin mövzusuna uyğun hazırlanmış videoçarx nümayiş olunub.