Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Talassemiya – Cəmiyyətə bir mesaj” adlı konfrans keçirilib

19 iyun 2026 | 12:39

İyunun 18-də Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Talassemiya – Cəmiyyətə bir mesaj” adlı konfrans keçirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin və talassemiyanın profilaktikası sahəsində  maarifləndirmə fəaliyyəti ilə tanınan sosial təşəbbüsçü Ayşən Abdullayevanın təşkilatçılığı ilə həyata keçirilən layihənin ümumi rəhbəri və aparıcısı Elvin Nüsrətoğlu olub.

Tədbirdə əvvəlcə talassemiya xəstəliyi və onun yaratdığı fəsadlar haqqında məlumatı, qarşısının alınması yollarını və cəmiyyətin bu istiqamətdə üzərinə düşən məsuliyyəti əks etdirən videoçarx nümayiş olunub.

Sonra mövzu ətrafında ekspertlərin iştirakı ilə panel müzakirəsi keçirilib. Paneldə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin direktoru Məcid Əliyev, "Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin İlkin səhiyyə xidməti üzrə direktor müavini Şəlalə Bayramova, AR Səhiyyə Nazirliyi "Respublika Qan Bankı" PHŞ-nin Şəki Bölməsinin müdiri Vüsalə İmamova və "Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin hematoloq həkimi Sevil Həmidova çıxış ediblər.

Panel çərçivəsində ekspertlər talassemiyanın yaranma səbəbləri, profilaktik tədbirlər, erkən diaqnostikanın əhəmiyyəti, müasir müalicə üsulları və qan donorluğunun vacibliyi barədə ətraflı məlumat verərək cəmiyyətin bu xəstəliklə mübarizədə daha həssas və məsuliyyətli olmasının vacibliyini vurğulayıblar.

Daha sonra “Ürəkdən Qana” layihəsinin rəhbəri Ayşən Abdullayeva çıxış edərək talassemiya ilə bağlı şəxsi həyat hekayəsini iştirakçılarla bölüşüb. O, 14 yaşında övladını bu xəstəlik səbəbindən itirməsinin yaratdığı ağrıdan, bir valideyn kimi yaşadığı çətinliklərdən və hazırda talassemiya ilə mübarizə aparan uşaqlara göstərdiyi dəstək fəaliyyətindən danışıb. Onun səmimi çıxışı auditoriya tərəfindən böyük həssaslıqla qarşılanıb.

Tədbir çərçivəsində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicə prosesini və xarici ölkələrdə həyata keçirilən əməliyyatlarını əks etdirən videoçarx da nümayiş etdirilib.

Konfransın diqqətçəkən məqamlarından biri auditoriyaya ünvanlanan xüsusi sosial çağırış olub. İştirakçılar mobil telefonlarının status bölməsində “Talassemiyanın nə olduğunu öyrən” mesajını paylaşaraq cəmiyyətə maarifləndirici çağırış ediblər.

Panel müzakirələrinin sonunda iştirakçılar ekspertlərə çoxsaylı suallar ünvanlayıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, layihənin davamı olaraq 19 iyun tarixində Şəki Dövlət Dram Teatrında “Talassemiya – Qan Birliyi” adlı könüllü qanvermə aksiyası keçiriləcək. Aksiyanın əsas məqsədi qan ehtiyatlarının artırılması, talassemiya xəstələrinə dəstək göstərilməsi və cəmiyyətdə könüllü qan donorluğu mədəniyyətinin daha da geniş təşviq edilməsidir.

“Talassemiya – Cəmiyyətə bir mesaj” layihəsi bir daha göstərdi ki, xəstəliyin qarşısının alınmasında ən güclü vasitələrdən biri maariflənmə, məlumatlılıq və cəmiyyətin birgə məsuliyyət hissidir.

Keçidlər