Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə teatr xadimi, Əməkdar artist Əbülfət Salahovun yubileyi qeyd olunub

19 may 2022 | 10:31

Mayın 18-də Şəki Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Əbülfət Salahovun 60 illik yubileyi və səhnə fəaliyyətinin 45 illiyi münasibətilə tədbir keçirilib.

Yubiley tədbirində şəhər rəhbərliyi, ziyalılar, gənclər və teatrsevərlər iştirak edib.

Tədbirdə Səməd Vurğunun "Vaqif" dramının motivləri əsasında hazırlanan tamaşa nümayiş olunub. Səhnə əsərinin ssenari müəllifləri mərhum Mərdan Feyzullayev və şair Vaqif Aslan, quruluşçu rejissoru Mərdan Feyzullayevdir.Tamaşada Vaqif obrazını yubilyar, Əməkdar artist Əbülfət Salahov, Qacar obrazını Əməkdar artist Xanlar Həşimzadə canlandırıb. Səhnə əsərində “Qarabağnamə”lərdən istifadə edilib. Tamaşa tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Şəki Dövlət Dram Teatrının aparıcı səhnə ustası Əbülfət Salahovun səhnə fəaliyyətindən bəhs olunub. Qeyd olunub ki,1977-ci ildən həvəskar aktyor kimi teatrda əmək fəaliyyətinə başlamış Əbülfət Salahov işlədiyi müddətdə teatrın səhnəsində qoyulmuş Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 200-dən artıq tamaşada müxtəlif maraqlı, yaddaqalan obrazlar yaratmış, az bir müddətdə böyük tamaşaçı auditoriyasının sevimlisinə çevrilmişdir. O, bir neçə dəfə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüş, 2013-cü ildə “Əməkdar artist”  fəxri adını almışdır.

Yubiley tədbirində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan teatrının uzun və şərəfli tarixi yol keçdiyini, təatr sənətinə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini bildirib, Şəki Dövlət Dram Teatrında Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını vurğulayıb, teatrın kollektivinə uğurlar arzulayıb. Yubilyarı təbrik edən icra başçısı ona Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanını və xatirə hədiyyəsini təqdim edib.

Tədbirdə iştirak edən Xalq artisti Vaqif Əsədov Şəki Dövlət Dram Teatrının fəaliyyətini yüksək qiymətləndirib, Əbülfət Salahovu  təbrik edərək, ona Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanını və Azərbaycan Teatr Xadimləri İttifaqının mükafatını - "Sənətkar" medalını təqdim edib.

Keçidlər