Şəkidə tibb işçilərinin peşə bayramı günü qeyd olunub
17 iyun-Tibb işçilərinin peşə bayramı günü münasibətilə ayın 16-da “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin binasında tədbir keçirilib.
Tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və rayonun bir qrup tibb işçisi iştirak edib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edərək onlara bu çətin işlərində uğurlar arzulayıb. Bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində aparılan islahatlar nəticəsində milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanırlar. Pandemiya ilə mübarizə sahəsində ən böyük yük səhiyyə işçilərinin üzərinə düşmüş və onlar bu vəzifənin öhdəsindən layiqincə gəlmişlər. 44 günlük Vətən Müharibəsində həkimlərimiz həm ön, həm də arxa cəbhədə əsgər və zabitlərimizin, eləcə də yaralanmış mülki şəxslərin sağlamlığına qovuşması üçün fədakarlıq nümayiş etdirmişlər.
Tədbirdə il ərzində fərqlənən bir qrup tibb işçisinə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib.
Sonra tədbir iştirakçıları şəhərdə yeni fəaliyyətə başlamış Bonum Medical klinikasında yaradılmış şəraitlə tanış olublar.