Şəkidə tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib
İyunun 16-də Şəkidə tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. "Ruslan" şadlıq sarayında keçirilən tədbirdə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri və tibb işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nın direktoru Məcid Əliyev son illər əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin artırılması sahəsində həyata keçrilən tədbirlərdən söz açıb, həmkarlarını peşə bayramı münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Tibb işçilərinin builki peşə bayramlarının "Heydər Əliyev İli"nə təsadüf etdiyini bildirən icra başçısı Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın səhiyyə elminin inkişafındakı rolundan bəhs edib.
Tədbirdə Ulu Öndərin ölkəmizdə səhiyyənin inkişafı sahəsindəki xidmətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Sonra tibbi xidmətin təşkilində fərqlənən bir qrup səhiyyə işçisinə şəhər icra hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib.
Tədbir maraqlı konsert proqramı ilə davam edib.