Şəkidə torpaq və əmlak idarəçiliyi sahəsinə həsr olunmuş zona müşavirəsi keçirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Şəki Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə torpaq və əmlak idarəçiliyinə həsr olunan zona müşavirəsi keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə Şəki, Qax, Balakən və Zaqatala rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə dövlət əmlakının idarə edilməsi, istifadəsi və mühafizəsinə nəzarət olunması, bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəy vermə işləri və digər məsələlər, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib. Bildirilib ki, Şəki, Qax, Balakən və Zaqatala rayonları üzrə ümumilikdə 355 min116 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Kadastr uçotu işləri nəticəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib və adıçəkilən rayonlar üzrə 100 inzibati ərazi dairəsinin xəritələri hazırlanaraq Milli Məclisə təqdim edilib.
Ötən il və bu ilin yanvar-oktyabr ayları ərzində qeyd olunan rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlərin, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız olaraq verilir və ya zəbt edilir.
Ümumilikdə isə 2022-ci il və 2023-cü ilin 10 ayı ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin adıçəkilən rayonlarda monitorinqləri zamanı torpaq qanunvericiliyinin pozulması ilə bağlı 584 fakt aşkar edilərək sənədləşdirilib. Bu dövrdə torpaq qanunvericiliyinin pozulması hallarına dair müvafiq torpaq istifadəçiləri barədə 268 inzibati protokol tərtib edilib.
Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, ciddi tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.
Vurğulanıb ki, torpaqlardan istifadə edilməsi və mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir.