Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” mövzusunda üçgünlük seminar işə başlayıb

26 iyul 2023 | 09:14

İyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) təşkilatçılığı ilə Şəki şəhərində “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” mövzusunda üçgünlük seminar işə başlayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan tədbirdə Balakən, Zaqatala, Qax və Şəki rayonlarından 60 gənc iştirak edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Seminarın açılışında Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Rəşid Paşalı çıxış edərək, tədbirin gənclər arasında milli-mənəvi dəyərlərimizin, azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin təbliği, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması işinə töhfə vermək məqsədi daşıdığını bildirib.

Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Şəki Şəhər Gənclər və İdman Sektorunun baş məsləhətçisi Səbahət Bağırova, Sumqayıt Dövlət Universitetinin müəllimi, şərqşünas Əli Rzazadə, AMEA Şəki Regional Elmi Mərkəzinin Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənov çıxış edərək, mövzunun əhəmiyyətini vurğulayıb, seminarın işinə uğurlar arzulayıblar.

Sonra Fondun 5 illik fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Seminar çərçivəsində ekspertlər tərəfindən müxtəlif mövzularda mühazirə və diskussiyaların təşkili, Fondun dəstəyi ilə hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq”, “Dəyərlərimizin dastanı” adlı filmlərin nümayişi, şəhər ərazisindəki tarixi-mədəni abidələrin ziyarət edilməsi, “Dəyərlərimizi öyrənək” adlı intellektual yarışın, eləcə də digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Keçidlər